Təlimatlar

Xarici səyahətləriniz zamanı hər hansı qanqaraçılığın yaşanmaması və əhvalınızın pozulmaması üçün bəzi məqamları ölkəni tərk etmədən, hətta hava limanına getmədən bilməyiniz daha yaxşı olardı.

Səyahət təlimatları

Xarici səyahətləriniz zamanı hər hansı qanqaraçılığın yaşanmaması və əhvalınızın pozulmaması üçün bəzi məqamları ölkəni tərk etmədən, hətta hava limanına getmədən bilməyiniz daha yaxşı olardı. Ən kiçik çatışmazlıq belə istirahətinizə kölgə salmasın deyə, aşağıdakı məlumatlarla tanış olmağı məsləhət görərdik.

Ümumi məsləhətlər:

  1. Uçuşdan əvvəl bütün əsas məlumatların – ad, soyad, ata adı, doğum tarixi, cinsiyyət, pasportunuzun etibarlılıq müddəti, uçuş tarixlərinizin dəqiqliyini və s. – doğruluğunu yoxlayın. Bir çox ölkələrin qanunvericiliyinə görə pasport ölkəyə daxil olduğunuz tarixdən etibarən ən azı 6 ay etibarlı olmalıdır. Sənədləriniz zədəli, üzərində ləkə və əlavə qeydlər olmamalıdır. Xaricdə olarkən paportunuzu özünüzlə gəzdirin, heç kimə verməyin, girov qismində heç yerdə saxlamayın.
  2. Əgər ölkəyə giriş üçün viza tələb olunursa, onu öncədən rəsmiləşdirmək lazımdır. Əgər siz gedəcəyiniz yerə digər ölkələrin ərazisindən keçməklə, tranzitlə gedirsinizsə, əvvəlcədən turagentlikdən və ya getdiyiniz ölkənin Azərbaycan Respublikasındakı səfirlik, ya konsulluğundan tranzit vizanın lazım olub-olmaması, həmçinin dönüş tarixi nəzərə alınmaqla onların etibarlılıq müddəti haqqında məlumat alın.
  3. Bütün nəqliyyat növlərinə olan sənədlərdə pasportda göstərilən ad, soyad qeyd olunmalıdır. Uçuşdan öncə aviabilet, xarici pasportunuzun bütün səhifələri, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, kredit kartları, tur vouçerlər, dəvət məktubunun surətini çıxarmağınız məsləhət görülür. Mütləq özünüzlə həm özünüzün, həm də övladınızın ehtiyat pasport şəkillərini götürün.
  4. Turizm şirkəti ilə müqavilə imzalarkən əməkdaşlardan xaricdəki tərəfdaşların ünvan və əlaqə vasitələrin də öyrənin.

İsti iqlimin və infeksion xəstəliklərin (hepatit, xolera, malyariya, vəba, tif və s.) hakim olduğu bir çox Asiya, Afrika və Latın Amerikası ölkələrində sanitar-gigiyena qaydalarına riayət etmək lazımdır. Bu ölkələrdə meyvə və tərəvəzləri yemədən öncə mütləq sabun-antiseptiklə yumağı, yalnız fabrik şəraitində qablaşdırılmış su, süd və şirələrdən istifadə etməyi məsləhət görürük.

Qeyd etməliyik ki, bir çox müsəlman ölkələrində əxlaq normaları, qadın və kişilər arasındakı münasibətlər şəriət qanunları əsasında müəyyənləşdirilir, spirtli içkilərin qəbulu qadağan olunur və s. Səyahət üçün paltarları da ölkənin qanunlarına uyğun seçmək lazımdır. Əgər ölkədə islam adət-ənənələri hakimdirsə, o zaman qarderobunuzda ciddi geyimləri götürməlisiniz.

Bəzi Şərq ölkələrində, xüsusilə də, İranda qadınlara baş örtüsü olmadan gəzmək qadağandır.

Bəzi Avropa ölkələrində, həmçinin ABŞ-da ictimai yerlərdə, bar və restoranlarda siqaret çəkilməsini qadağan edən qanunlar qəbul olunub. Bəzi ölkələrdə isə, məsələn, Sinqapurda, istənilən növ zibilin küçəyə atılmasına görə böyük məbləğdə cərimələr tətbiq olunur.

Səyahətdə olarkən, hər ehtimala qarşı dostlarınıza, qohumlarınıza və ya sizə yaxın hər hansı bir digər insana səyahətiniz, qaldığınız yer haqqında məlumat verin, əlaqə vasitələrinizi onlara bildirin. Getdiyiniz ölkədəki Azərbaycan Respublikasının səfirliyi və ya digər hər hansı səlahiyyətli nümayəndəliyihaqqında məlumatları əvvəlcədən öyrənin, əlaqə vasitələrini özünüzdə qeyd edin.

Hava limanında

Gömrük bəyannaməsini doldurmağı (əgər bu mütləqdirsə) unutmayın. Təhvil verdiyiniz baqajla əlaqədar talonları saxlayın, çünki baqajınız itərsə onlar sizə mütləq lazım olacaq. Problem yaranarsa, hava limanı əməkdaşlarına müraciət etməyinizi məsləhət görürük. Aviabilet, pasport, pul və digər qiymətli əşyalarınızı hər zaman özünüzlə saxlayın.

Oteldə

Otelə çatdığınız zaman yerləşmə qaydaları və yanğın təhlükəsizliyinə xüsusi diqqət ayırmaq lazımdır. Giriş-çıxışların, lift və pilləkanların yerini müəyyənləşdirin. Sənəd, pul və digər qiymətli əşyalarınızı nömrədə seyf yoxdursa, saxlamaq məsləhət deyil.

İctimai yerlərdə davranış qaydaları

İri turistik mərkəzlərdə təhlükəsizlik qaydalarına və şəxsi əşyalarınızın təhlükəsizliyinə diqqət edin. Çox səs-küy yaradaraq ətrafdakıların narahatçılığına səbəb olacaq davranışlardan çəkinin. Pullarınızı cibləriniz üzrə bölüşdürün. Sənəd, kredit kartları və digər əşyalarınız itərsə, öncə polisə, sonra isə Azərbaycan Respublikasının həmin ölkədəki səfirliyinə və ya digər hər hansı səlahiyyətli nümayəndəliyinə müraciət edin.

Nəqliyyat vasitələri ilə hərəkət

Əgər siz icarəyə avtomobil götürmüsünüzsə, bütün sənədlərin, xüsusilə sığortanın rəsmiləşdirilməsini yoxlayın ki, kiçicik qəzada böyük məbləğdə təmir xərcləri ödəmək məcburiyyətində qalmayasınız.

Sərhədi keçərkən təsadüfi, tanımadığınız insanların yükünün ağır gəlməsi bəhanəsi və əvəzində sizə pul verəcəyi vədinə aldanıb bəzi əşyaları sizin keçirməyinizlə bağlı etdikləri xahiş və təkliflərə qətiyyən əhəmiyyət verməyin. Çünki sizin əlinizlə narkotik, partlayıcı, zəhərləyici maddələri keçirməyə cəhd göstərə bilərlər ki, bu da polisin sizi tutması halında çox böyük problemlərlə qarşılaşmanıza səbəb ola bilər.

Gözlənilməz hallarda necə davranmalı

Gözlənilməz hadisələr (yerli hüquq-mühafizə orqanları tərəfindən həbs, digər şəxslər tərəfindən hədə-qorxu, yol-nəqliyyat hadisəsi və s.) baş verərsə, bu barədə Azərbaycan Respublikasının həmin ölkədəki səfirliyinə və ya digər hər hansı səlahiyyətli nümayəndəliyinə məlumat vermək lazımdır.

Azərbaycan Respublikasının səlahiyyətli nümayəndələri olmadan yeri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə hər hansı söhbət aparmağı, xarici dildə, başa düşmədiyiniz hər hansı sənəd və ya protokolu imzalamamağı məsləhət görürük. Çünki gələcəkdə bu cür sənədlər sizi hər hansı cinayətdə ittiham etmək üçün əsas ola bilər.

Zəlzələ və digər təbii fəlakətlər zamanı davranış qaydaları

Dünyada daha təhlükəli rayonlar zəlzələ zolaqları adlanan zonalarda yerləşir. Bu, Sakit okeanın Şimali və Cənubi Amerika sahilləri, Yaponiyanın şərq sahilləri, Sakit okeanın mərkəzindəki adalar, Himalayın cənub sərhədləri, Yeni Zellandiya, Yunanıstan, Türkiyə, İtaliya, Aralıq dənizi və Mərkəzi Atlantika əraziləridir.

Əgər siz bu regionlardan hər hansı birində olarkən bədbəxt hadisə, zəlzələ və ya hər hansı digər təbii fəlakət baş verərsə, təcili olaraq həmin ölkədəki Azərbaycan Respublikasının səfirliyi və ya digər hər hansı səlahiyyətli nümayəndəliyi ilə əlaqə saxlayın, həyatınızın təhlükədə olub-olmaması haqqında məlumat verin ki, onlar da öz növbəsində sizin yaxınlarınızı məlumatlandıra bilsinlər.

Təyyarəyə nəyi götürmək olar

Biz, təyyarəyə həm əl, həm də yük baqajında nəyi götürüb-götürməmək barədə tam və aktual siyahını tərtib eləmişik.

Bəzi sərnişinlər məzuniyyətə gedərkən bilmirlər təyyarəyə nəyi götürmək olar və buna görə də, həyəcanlanırlar ki, birdən gömrük işçiləri onları götürdükləri və ya hədiyyə kimi aldıqları əşyaları atmağa məcbur edə bilərlər. Belə hallar baş verməsin deyə, sadə qaydalara riayət edin:

  • Hüquq-mühafizə orqanları ilə problem yaranmasın deyə, ölkədə əşyaların gətirilmə/çıxarılma qaydaları ilə tanış olun;
  • Uçuşdan əvvəl uçduğunuz aviaşirkətin baqajın və əl çantasının keçirilməsi ilə bağlı qaydaları ilə tanış olun, çünki hər şirkətin individual qaydaları ola bilər (adətən əl çantasında 5-10 kq-dan artıq yükə icazə verilmir);
  • əgər hava limanında əlavə baqaja görə pul ödəmək istəmirsinizsə, hava limanında quraşdırılmış tərəzilərdə, ya da hava limanına yola düşməmiş baqajınızın ağırlığını ölçün;
  • yadınızda saxlayın ki, bir çox hava yolları əl baqajında çətir, əsa, texnika, uşaq arabası, üst geyimləri və s. əşyaları (siyahını dəqiqləşdirmək üçün uçduğunuz hava yollarından məlumat alın) salona keçirməyə icazə verirlər ki, bu da sizə baqajınızın ağır gəlməməsinə kömək edəcək;
  • əşyalarınızın əksər hissəsini baqaja verin ki, təyyarə salonunda qonşunuzla yük yerinə görə mübahisə etməyəsiniz;
  • qiymətli və zərif əşyalarınızı (sənəd və texnika) yük qisminə verməyin – bəzən baqaj itir, zərif əşyalar isə sınır. Zərif əşyalarınıza “Fragile” etiketini yapışdırtmağı (baqajınızı aviaşirkətin nümayəndələrinə təhvil verərkən) unutmayın.

Təyyarəyə nəyi götürmək olmaz

Maye, gel və aerozollar
Hamı əl baqajında maye, gel, krem və aerozolların daşınması ilə əlaqədar məhdudiyyətləri bilir və bu çoxlarını qorxudur. Məhdudiyyətlər su, içki, pasta (diş pastası da həmçinin), krem, yağ, ətir, losyon, sprey, gel, təzyiqli balonlar (həmçinin dezodorantlar), tuş və digər əşya və maddələr aiddir. Qorxmağa dəyməz, çünki bu maddələrin daşınmasına icazə var, amma müəyyən şərtlərə riayət etməklə. Əsas yadda saxlamaq lazımdır ki, maye şəklində olan məhsulun qabının həcmi 100 ml-dən çox olmamalıdır. Bütün bunları tutumu 1litrdən artıq olmayan, ağzı bağlanan xüsusi şəffaf plastik paketlərə yığmaq lazımdır. Eyni zamanda, yadda saxlayın ki, hər sərnişin özüylə salona yalnız 1 ədəd bu cür paket keçirə bilər. Unutmayın, əgər 200 ml-lik qablaşdırma yarısına qədər, yəni 100 ml-ə qədər dolu, yarısı boş olsa belə 200 ml-lik kimi hesablanacaq və salona buraxılmayacaq.

Əgər sizdə açılmış içki (fərqi yoxdur, su ya yoqurtdur) varsa, onu da təyyarəyə minmədən alacaqlar. Uşaq qidaları və dərmanlar istisnadır.

İstənilən kəsici və deşici alətlər

Təyyarə salonuna iynə, bıçaq, qayçı, hörgü milləri və s. keçirmək olmaz. Bu əşyaları yük qisminə, arxa baqaja ötürməlisiniz. Hətta dırnaq yegəsi kimi günahsız görünən əşyalar da təhlükəsizlik xidməti əməkdaşlarının şübhəsinə səbəb ola bilər.

Silah və ya silahın imitasiyası

Düşünürük ki, bu punkt heç kəsin təəccübünə səbəb olmayacaq – çünki təhlükəsizlik məqsədləriylə heç kəs sizi silahla təyyarə salonuna buraxmaz. Bundan başqa, əgər siz uşağınıza oyuncaq tapança almısınız və o, hətta uçuş müddətində ondan ayrılmaq istəmirsə, çox təəssüf ki, problemləriniz olacaq. Sizi oyuncaq da olsa silahla təyyarəyə buraxmayacaqlar. Ona görə də, onu ya baqaja verməli, ya da atmalı olacaqsınız.

Spirtli içkilər

Spirtli içkilərin yalnız təyyarənin yük hissəsində daşınmasına icazə var (spirtli içkilərin ölkədən çıxarılması və gətirilməsi şərtləri çıxdığınız və daxil olduğunuz ölkədən asılı olaraq dəyişə bilər). İstisna – təyyarə salonunda və ya Duty freedə aldığınız spirtli içkilər.

Digər əşyalar

Məsləhət görərdik ki, uçuşdan əvvəl uçduğunuz aviaşirkətin rəsmi saytı ilə tanış olaraq, getdiyiniz ölkənin qanunvericiliyi haqqında məlumat əldə edəsiniz və öyrənəsiniz ki, məhz onların qanunlarına görə təyyarəyə nəyi götürmək olar, nəyi olmaz. Bu məhdudiyyətlər karantin və ya ölkədə keçirilən hər hansı beynəlxalq tədbirlə də əlaqədar ola bilər. Məsələn, 2014-cü ildə Rusiyada Soçi Olimpiadası keçirilərkən, 2014-cü ilin qış və yaz aylarında terror təhlükəsi ilə əlaqədar əl çantasında istənilən növ mayenin keçirilməsi qadağan olunmuşdu.

Təyyarəyə nəyi götürmək məsləhətdir

Burada biz o əşyaları sayacağıq ki, onları salona götürmək nəinki daha yaxşı olardı, hətta vacibdir. Bu, sizə uçuş müddətini daha yaxşı keçirməyə kömək olmaqla yanaşı, onların yük qismində itməsinin və ya zədələnməsinin qarşısını alacaq.

Avadanlıqlar

Əvvəla bütün elektron avadanlıqları təyyarə salonuna götürməyiniz məsləhətdir. Bu yolla siz onların təhlükəsizlikdə olduğuna əmin ola bilərsiniz. Bundan başqa, əgər sizin uçuşunuz uzun müddətlidirsə, bu avadanlıqlar vaxtınızı darıxmadan keçirməyinizə kömək olacaqlar: noutbukda filmə baxa, pleyerdə musiqi dinləyə, planşetdə kitab oxuya və pəncərədən buludların şəklini çəkə bilərsiniz. Amma nəzərə alın ki, təhlükəsizlik məqsədləri ilə təyyarə qalxarkən və eniş edərkən mobil telefon və digər elektron avadanlıqlarınızı sönülü vəziyyətdə saxlamalısınız.

Sənəd və pullar

Sözsüz ki, sənədlər və pullar unutmamalı olduğunuz növbəti vacib punktdur. Təsəvvür edin ki, onlar itən çemodanınızda olsa nə olar? Ona görə də, sənəd və pullarınızı mütləq özünüzlə təyyarə salonuna götürün. Onsuz da əsas sənədlər (məsələn, pasport) olmadan siz sərhəd xidmətini keçə bilməzsiniz və baqaj bölümünə buraxılmayacaqsınız.

İsti paltar

Təyyarəyə köynək və ya yüngül gödəkçə, şalvar – sizə daha çox lazım ola biləcək geyimləri götürməyiniz məsləhətdir. Çünki təyyarədə paylanan odeyallar hamıya çatmaya bilər. Təyyarə buludların üstünə qalxdıqca kəskin soyuq artıq adamın iliklərinə qədər işləyir. Ona görə uçmadan öncə bu amili də nəzərə almağınız məsləhətdir.

Dərmanlar

Təyyarə salonuna minimal sayda dərman – allergiyanız varsa allergiya dərmanı, bundan başqa, ağrıkəsici, ürək bulanmanın qarşısını alan, temperaturu aşağı salan dərmanlar götürün.

Nəm salfetlər

Nəm salfetlər təyyarəyə götürməli olduğunuz əşyalar arasındadır. Birdən siz üstünüzə yağlı yemək saldınız? Siz uşaqla uçursunuzsa, bu, sizin götürməli olduğunuz I dərəcəli vacib əşyaların arasındadır. Bundan başqa, yemək yedikdən sonra əllərinizi yerinizdən qalxmadan, qonşu oturacaqlardakı sərnişinləri narahat etmədən təmizləmək istəsəniz nəmli salfetlər köməyinizə çatacaq.

Şişirtmə yastıqça

Əgər uçuşunuz uzun müddətlidirsə, bu yastıqça sizə boyun ətrafındakı ağrılardan uzaq olmağa kömək edərək rahat yuxunu təmin edəcək.

Yemək

Bəzi şərtlərə riayət etməklə təyyarəyə yemək götürmək olar. Çünki bəzi insanlara təyyarədə verilən yemək bəs eləmir, ya verilən yeməklər onlara uyğun olmur, ya yemək verilən vaxt yatırlar (bu, uzun müddətli gecə uçuşları zamanı aktual olan məsələdir), ya da onlar hava limanında uzun müddətli gözləməli olurlar və hava limanında qiymətlər baha olduğuna görə sərf eləmir onlara - təyyarəyə yemək götürməyə səbəb çoxdur.

Əgər siz az büdcəli, ucuz reyslə uçursunuzsa, yadda saxlayın, sizə əksər hallarda pulsuz yemək verilməyəcək. Amma təyyarəyə ovulan, spesifik iy verən və tez xarab olan yeməkləri götürmək məsləhət görülmür. Məsləhətdir ki, götürdüyünüz yeməyi şəffaf, ağzı bağlana bilən paketə qoyasınız ki, yoxlama çox vaxtınızı almasın.

Təyyarəyə hansı dərmanları götürmək olar

Düşünürük ki, yoxlamanın ciddiliyi haqqında azacıq da olsa məlumatı olan hər kəsi bu sual narahat edir.

Təyyarədə əl çantasında həcmi 100 ml-dən çox olmayan və şəffaf, ağzı bağlanan plastik paketə yerləşdirilmiş maye şəkilli (sprey, damcı, sirop) dərmanlar götürülə bilər. Daha doğrusu, burun damcılarınızı götürmənizdə problem yoxdur. Amma həb şəkilli dərmanlarla bağlı məsələ bir az fərqlidir.

Əgər siz xaricə uçursunuzsa, güclü təsirə malik dərmanlar (psixotrop və narkotik tərkibli) haqqında öncədən məlumat verməli, eyni zamanda, ingilis dilində və ya getdiyiniz ölkənin dilində resepti və aptekdən çeki təqdim etməlisiniz.

Güclü təsirə malik dərmanlara hansılar aiddir? Bu güclü ağrıkəsicilər, yuxu dərmanları, psixotrop dərmanlar, çəkinin idarə olunması və iştahanın azaldılması üçün qəbul olunan dərmanlardır.

Ümumiyyətlə, öncədən getdiyiniz ölkənin konsulluğu ilə əlaqə saxlayaraq ölkəyə hansı dərmanların aparılmasına icazə verilib-verilməməsi haqqında məlumat almaq lazımdır. Çünki bizdə apteklərdə satılan elə dərmanlar var ki, xarici ölkələrdə o dərmanlardan istifadə etmək qadağandır.

Məsləhət görərdik ki, dərmanlar öz orijinal qablaşdırmasında, instruksiyası da üzərində olsun.

Hamilə qadınların uçuşu

Hamilə qadınların uçuşuna o halda icazə verilir ki, doğuma 7 həftədən çox vaxt qalır və erkən doğum təhlükəsi olmur. Hamilə qadının vəziyyətini əks etdirən tibbi arayış uçuş zamanı hamilə qadının üzərində olmalı və aviaşirkətin nümayəndələrinə təqdim olunmalıdır.

Heyvanların daşınması

Heç kimə sirr deyil ki, istənilən səyahət olduqca stressli bir vəziyyətə gəlib çıxa bilər. Nəzərə alsaq ki, insanlar buna dözə bilər, amma heyvanların hissləri daha parlaq əks olunur, o zaman bilməlisiniz ki, qalxışda və enişdə təzyiqin düşməsi, güclü mühərriklərin səsi sizin sevimli ev heyvanınızı şoka belə sala bilər.

Yox əgər siz yenə də sevimlinizi özünüzlə götürməkdə qərarlısınızsa, onun rahatlığı ilə bərabər daşınmanın planlaşdırılması və rəsmiləşdirilməsinin düzgün olmasını nəzərə almalısınız.

Heyvanların təyyarədə aparılması qaydaları

Təyyarədə heyvanların daşınmasının 2 növü var:

  1. Heyvanları özünüzlə salona keçirməyə icazə verilir;
  2. Ev heyvanları xüsusi konteynerlərdə baqaj hissəsinə ötürülür.
Bütün ev heyvanlarının təyyarədə daşınmasına icazə verilmir. Hər bir hava yolunun özündə daşınmasına icazə verilən heyvanların siyahısı var. Ev heyvanınızı salonda apara bilməniz üçün aşağıdakı qaydalara riayət etmək lazımdır:
  • İçində heyvanla bərabər konteynerin çəkisi 8 kq-dan artıq olmamalıdır;
  • Salonda it və ya pişik daşına bilər;
  • Salonda 5-dən artıq heyvanın daşınmasına icazə verilmir.
  • Konteyner elə ölçüdə olmalıdır ki, heyvan orda özünü rahat hiss eləsin, ayağı üstə bütün hündürlüyü ilə durub dönmək imkanı olsun.
  • Konteynerin ölçülərində uzunluq, hündürlük və eni 115 sm-dən artıq olmamalıdır.

Ev heyvanlarının təyyarənin yük hissəsində daşınmasının özəllikləri:

Əksər aviaşirkətlər heyvanın növündən və konteynerin qabaritindən asılı olmayaraq, salonda heyvanların daşınmasına ümumiyyətlə icazə vermir, o zaman ancaq yük qismi qalır. Salonda və ya baqajda daşınmasından asılı olmayaraq, təyyarədə ancaq ev heyvanlarının daşınmasına icazə verilir.

Ev heyvanları ilə səyahət etmək üçün alınan biletin özəllikləri

  • Ev heyvanlarınızın sizinlə uçmasını aviabilet alan zaman bildirmək lazımdır. Bu, marşrutun və aviadaşıyıcının seçilməsinə çox təsir edə bilər.
  • Ev heyvanları əlavə baqaja aiddir deyə, onlar pulsuz daşınmır. Onların daşınması üçün əlavə ödəniş alınır. Bu ödənişə ev heyvanının və konteynerin çəkisi daxil edilir. Hər bir hava yolunun heyvanların daşınması ilə bağlı özünəməxsus qiymət strategiyası var.
  • Ev heyvanının təyyarədə daşınmasını rəsmiləşdirmək üçün aviasiya şirkətinə mütləq müvafiq sorğu göndərilməlidir. Heyvanın daşınması ilə bağlı sorğu uçuşa ən azı 72 saat qalmış göndərilərsə, təsdiq gəlir. Heyvanların daşınması əlavə xidmət olduğuna görə bronlaşdırılması da ayrıca həyata keçirilir.

ÜNVAN

  • Ünvan: Cəfər Cabbarlı 609
  • Globus Center 12-ci mərtəbə
  • Nizami Metrosu yaxınlığında

PAYLAŞAQ

ƏLAQƏ

Whatsapp

+99450 7200666

XƏRİTƏ

Liman internet © 2017 Aviabilet.im